Salam.

Sənə salam da düşmür amma nəysə.

Bu məktubu harda yazdığımı, qələm-kağızı hardan tapdığımı və ya nə zaman kimə yazdığımı düşünmədən oxu. Artıq məktubu açıb oxumağa başlamısansa deməli məhz sənə yazmışam. Kimliyim, cinsiyətim, peşəm və şəxsiyyətim haqqında da düşüncələrə qapılıb beynini yorma. Bəlkə də heç mən də yoxam. Başqa sözlə desəm özünü yazar sayan, məndən betər bir gicbəsərin uydurmasıyam. Amma uydurma belə olsam öz düşüncələrim, öz həyatım var. Nədi xoşuna gəlmədim?

Ən azından sənin kimi rüşvət verməkdən bezən, amma əlinə hələ də kitab götürməyən tələbə deyiləm. Guya rüşvətə qarşıyammış kimi qoluma qırmızı taxıb da gəzmirəm. 3-5 nəfər tələbəylə bir yerdə adına «etiraz aksiyası» dediyin o mitinqlərdə boğazımı cırmıram. Yekəpər polislər gələndə də qaçan mən olmuram və atam söyə-söyə bölməyə gəlib o etiraz elədiyim rüşvətdən rəisə verib çırpa-çırpa evə aparmır məni.

Kinayəli gülüşünə qarşılıq olaraq deyim ki, iki universitet bitirmişəm. Və səndən fərqli olaraq valideynlərim oxumaq istəyib də oxuya bilmədikləri peşəni mənə zorla seçdirməyiblər. Uşaqlığımdan xəyalını qurduğum ixtisası seçmişəm. Ya heyvan əvəzinə də işləyib evimə ancaq yatmaq üçün də girmirəm. Yaxşı pul qazanmıram deyə arvadımın həyasızca başqa qoyunlara girməyinə də səs çıxartmayan mən deyiləm. Özümü, ayaqlarımı söyə-söyə istəmədiyim işə gedib məndən on beş yaş kiçik müdürün söyüşlərinə dözmürəm. İki uşağın qarnını doyuraraq, məktəbə göndərərək özümü atalıq vəzifəsinin bariz nümanəsi saymıram. Övladlarım yaramaz çıxanda da məsuliyyətdən qaçımamışam. Bütün günahları arvadımın boynuna atıb kişiliyimi qadın üstündə sinayanlardan da deyiləm. Nə də ki, küçədə söz atdığım qızların heç birisi qohumum çıxmır sənin kimi. Qeyrəti ucuzlaşdırıb çayxana stollarına, qəhbəxana kravatlarına da daşımıram. Evlədiyim qadın bir neçə saniyəlik cavanlıq həzzimin nəticəsində ömürlük əzabıma çevirlməyib. Sevəndə də dəli kimi sevmişəm. Öpüşəndə gözümü yummuşam və heç bir çirkin niyyəti keçirməmişəm ağlımdan sənin kimi. Sevdiyim ağlayanda ağlamışam. İnanmışam hər ayrılıqdakı yenidən qovuşmalara. Sənin kimi dabanıma tüpürüb başqa qadının qollarına qaçmamışam. Sevgim o qədər kiçik olmayıb ki, bir parça imzalı kağızla, bir neçə damla qanla təsdiqlənsin.

Mən dəliyəm ya da dəli deyirlər. Insanlar öz düşüncələrinə yad olan kəslərə dəli damğası vurur. Artıq bir neçə aydır ki, burda məcburi müalicə alıram. İynə-dərmana tüpürüb onları qəbul etmək istəməyəndə yatağıma zəncirlənirəm. Əllərim, ayaqlarım bağlanır və məcburi müalicə davam edir. Adına da “şiddətli psixi pozğunluq” başqa dildə «dəliliyin pik nöqtəsi» deyirlər. Müalicəmi qəbul etmək istəməməyimin səbəbi qorxularımdı. Qorxuram ki, öz düşüncələrimi unudub sənin kimi adi insan, yox yox adi kukla olaram. Sistemi istehsalçı tərəfindən qabaqcadan yığılmış bir kukla. Onlar istəyəndə ağlayıb onlar istəyəndə gülən, onlar susanda susan və onların fikrincə danışmaq məqamı gələndə danışmalı olan kukla.Burdakı həkimlər, tibb bacıları, xəstə baxıcıları və xəstə yaxınları-hamısı o istehsalçı funksiyasını böyük mental məmnuniyyət və həvəslə öz üzərlərinə götürürlər. Bu xəstəxana o istehsalçıların təkrar emal zavodudur. İşləməyən, pozulan sistemli məhsullar məcburiyyətlə bura gətirilir və təkrar emal olunur. Burada biz «dəlilər» xarab olmuş, yaxşı ağlamayan səsi zəyif çıxan sistemi pozulmuş kuklalarıq. Əsil düzgün sistemsə mental dəyərlər, valideyinə bağlılıq, cəmiyyətdən asılı saç düzümü, geyim tərzi, təhsil iş qadın seçimi, böyük kiçik münasibətləri və digər bu kimi şeylərdi. Hə bax burda deyirlər «f*ck the system !».

Düşün !

Bəlkə heç uydurma deyiləm…?!

 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma