Yəqin ki, gələcəkdə belə insanların sayı daha çox olacaq. Bu isə hər birimizi sevindirir və inkişaf etməkdə olan cəmiyyət üçün normal haldır.

Amma normal olmayan bir məsələ var ki, o da sərvət yığan insanların çoxunun xasiyyətinin sonradan dəyişməsi, ətrafdakı insanlara, necə deyərlər, yuxarıdan aşağı baxmalarıdır. Belələri bir çox hallarda əllərindəki imkandan istifadə edib qanunlarımıza, adət-ənənələrimizə hörmətsizlik nümayiş etdirirlər. Təbii ki, bu, hamıya aid deyil. Ancaq sonradan varlananların çoxunun özlərini göstərmək naminə müxtəlif yollara əl atmaları, öz ədabazlıqlarını müxtəlif xoşagəlməz yollarla nümayiş etdirmələri narahatlıq doğurmaya bilməz. Yəqin belə insanlarla – bahalı maşınlarla şəhərimizdə o tərəf-bu tərəfə dolaşıb, hər addımbaşı qaydaları pozan, haqsız olsalar belə, başqalarını gözümçıxdıya salan, yaşayış məntəqələrində sürət həddini aşmaqla, neçə-neçə günahsız insanın, körpənin həyatına son qoyan, ictimai-iaşə obyektlərində insanlarla saymazyana davranan, tanımadıqları, kimliklərini bilmədikləri halda, yol kənarlarında, dayanacaqlarda avtobus gözləyən gənc xanım və qızlara yaxınlaşıb, onlara avtomobilə minməyi təklif edən, gecələr bütün şəhərin yuxuya getdiyi bir vaxtda həyətlərə daxil olub, yüksək səslə musiqiyə qulaq asan şəxslərlə siz də rastlaşırsınız. Belələrinə harınlamışdan başqa hansı adı vermək olar?

Halbuki normal inkişaf etmiş ölkələrdə insanlar varlandıqca özlərini elit təbəqənin nümayəndələri sayır və ətrafdakı insanlarla daha kübar davranırlar. Amma bizdə hələ ki vəziyyət bundan fərqlidir. Bəs bunun səbəbi nədir? Onların maddiyyat kimi, mənəviyyatı niyə zənginləşmir? Mövzu ilə bağlı araşdırma aparıb, ekspertlərin məsələyə münasibətini öyrəndik.

“İnsan varlandıqca onun psixologiyası da dəyişir”

Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov bəzi adamların varlananda kübarlaşdıqlarını, bəzilərinin isə harınladıqlarını deyir. O, bunu müxtəlif səbəblərlə əlaqələndirir. Psixoloqun sözlərinə görə, bəzi xəstəliklər kimi, bu cür hadisələr də müəyyən müddətdən sonra insanların psixologiyasını dəyişir: “Uzunmüddətli vərəm xəstələri buna adaptasiya, transformasiya olurlar və başqalarını da bu xəstəliyə yoluxdurmağa çalışırlar. Tutaq ki, almanı dişləyib onun xəstəliyindən xəbərsiz olan insanlara təklif edirlər və s. Varlanmaq da belədir. İnsan varlandıqca onun psixologiyası dəyişir. Bu gün cəmiyyətimizdə sonradan varlananların çoxu çalışır ki, başqalarının edə bilmədiklərini etsinlər. Buna isə psixologiyada neqativ transformasiya deyirlər. Varlanan insanların çoxu sonradan zövq duyğularını itirirlər. Məsələn, əgər bu gün bir adamın 300-400 min dollar pulu varsa, o, ayda 1000-2000 manat qazanmaqdan zövq ala bilmir, istəyir ki, daha çox qazansın. Beləliklə, pul artdıqca insanların zövqalma duyğuları da itməyə başlayır. Hazırda cəmiyyətimizdə yüzlərlə, minlərlə ailə var ki, kifayət qədər varlı və imkanlı olmalarına baxmayaraq, adi insanların zövq aldıqları şeylərdən barına bilmirlər. Ona görə də bu ailədəki uşaqlar ya narkotikaya qurşanır, ya da valideynlərini müflisləşdirən əyləncələrə meyil edirlər. Varlı ailələrin övladlarının bahalı maşınlarla şəhərdə tez-tez qəza törətmələri, neçə-neçə günahsız insanı bədbəxt, həyatdan məhrum etmələri də bu təhlükəli əyləncənin nəticəsidir”.

Psixoloq deyir ki, əksər hallarda bu tendensiya sonradan varlanan, yaxud qeyri-leqal yollarla sərvət sahibi olan ailələrdə müşahidə edilir: “Bünövrəsi sağlam, belə demək mümkünsə, əsli-nəsli olan ailələrdə isə buna çox az rast gəlinir. Bu gün kifayət qədər elit, kübar ailələr var ki, yatırımı övladlarının təhsilinə, tərbiyəsinə edirlər”.

“Asan yolla pul qazananlar onun qədrini bilmirlər”

“İnsan pulu əziyyətlə, halal yolla qazananda onu daha xeyirli işlərə, daha səmərəli xərcləmək barədə düşünür, qədrini bilir. Məncə, bu gün bir çoxlarının bu cür düşünməməsinin əsas səbəblərindən biri də pulu asan yolla əldə etmələri, qısa müddətdə, birdən-birə varlanmalarıdır”,-deyə qeyd edən həmsöhbətimizin sözlərinə görə, belə ailələrdə yetişən uşaqlar bir müddətdən sonra həm ailələrinin, həm də cəmiyyətin bəlasına çevrilirlər. Psixoloq deyir ki, valideynlər bunlardan ibrət dərsi götürməlidirlər: “Bir çox ailə başçıları hər şeyə vaxt ayırırlar, təkcə öz ailələrindən, uşaqlarından başqa. Ata-ana övladına bahalı maşın almaq barədə düşünməkdənsə, ona vaxtında tərbiyə vermək barədə düşünməlidir”.

“Mənəviyyatımızdakı “keçid dövrü” hələ davam edir”

Deyilənlərə baxmayaraq, psixoloq gələcəyə nikbin baxdığını söyləyir: “SSRİ dağılandan sonra insanlar iqtisadi müstəqillik əldə etdikləri kimi, mənəvi müstəqillik də qazanublar. İqtisadiyyatımızdakı “keçid dövrü” artıq başa çatıb. Amma mənəvi yöndən “keçid dövrü” hələ də davam edir. Müasir dövrdə ən böyük yatırım insana qoyulan sərmayədir. Bu gün Azərbaycanda kifayət qədər imkanlı ailə var ki, övladları xaricdə təhsil alırlar. Dövlətin də marağındadır ki, onlar xaricdə təhsillərini başa vurandan sonra vətənə qayıdıb, işləsinlər. Mən həmin gənclərin orada gördükləri müsbət şeyləri, mədəniyyəti ölkəmizə gətirəcəklərinə və tətbiq edəcəklərinə inanıram”.

“Sonradan əldə edilən var-dövlət çoxumuzu asanlıqla dəyişir”

“Ailəm” jurnalının redaktoru Aydın Ucal isə deyir ki, “pul filankəsi dəyişdi” fikri boş-boşuna yaranmayıb: “Dünən də, bu fikri eşidirdik, bu gün də çox eşidirik. Əslində bu

ittiham boş yerə meydana gəlmir. Sonradan əldə edilən var-dövlət (nəinki var-dövlət, hətta şan-şöhrət də) çoxumuzu asanlıqla dəyişir. Bundan sonra biz artıq münasibətlərimizi də imkanlarımıza görə qururuq. Geyimimizi, evimizi, maşınımızı dəyişdiyimiz kimi, həyat tərzimizi də dəyişirik. Və təbii olaraq, bu dəyişiklik bizim xarakterimizdə də, davranışımızda da özünü göstərir. Ən əsası isə təkcə cəmiyyətdə yox, ailədə də tamam başqa adam oluruq”.

“Varlı ailələrdə hər kəs öz mühitinə qapılır”

Aydın Ucalın sözlərinə görə, bu gün ailə münasibətlərinin pisləşməsində təkcə ailədə nəyinsə çatışmaması yox, hər şeyin bolluğu da böyük rol oynayır: “ Varlı ailələrdə heç kimin bir-birindən maddi asılılığı olmur və hər kəs, necə deyərlər, öz mühitinə qapılır. Bu isə get-gedə ailədə münasibətlərin adiləşməsinə və nəticədə qopmasına səbəb olur. Oturub düşünəndə isə onlarla səbəb ortaya çıxır. Təbii ki, bu sözləri hamıya aid etmək də doğru deyil. Çünki sonradan var-dövlət sahibi olan, ancaq dəyişməyən insanlar da az deyil.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma