Öz həyatını təhlükəsizləşdirmək, gözlənilməz hadisələrin nəticələrinin riskini azaltmaq istəyi hər bir insanın təbii ehtiyacıdır. Hazırda isə, qızğın sürətlər, ardı-arası kəsilməyən təbii xarakterli kataklizmlər, texnogen qəzalar və mürəkkəb ekoloji şərait əsrində təhlükəsizlik haqda qayğı daha aktual hal alır. Təkcə insanın əmlakı və sağlamlığı deyil, həm də gəlir əldə etmək üsulu da risk zonasına daxil olur. Yəni, hər bir insan həyat fəaliyyətinin ən müxtəlif sahələrində öz mülki maraqlarını qorumaqda maraqlıdır.

Bunu müxtəlif yollarla etmək mümkündür, lakin hazırda ən mədəni yol – sığortalama yolu ilə əmlakın, biznesin, əmək qabiliyyətinin bərpa olunması üçün iqtisadi bazanın yaradılmasıdır.

İnsan cəmiyyəti özünün çoxəsrlik inkişaf tarixi ərzində, xüsusi sığorta fondları yaratmaq yolu ilə həyati vacib maraqlarını bərpa etmək üçün rasional və kifayət qədər effektiv üsul fikirləşmişdir, bu sığorta fondları onlarda yığılan vəsait hesabına insanın itirdiyi əmlakı və ya gəliri qısa müddət ərzində bərpa etməyə imkan yaradır. Cəmiyyət üzvlərinin mülki maraqlarının bu effektiv qorunma metodundan dövlət, pensiya sığortası və sosial sığorta şəklində fəal istifadə edir. Əmək qabiliyyətini müvəqqəti (xəstəliyə görə) və ya daimi (əlillik, pensiya yaşına çatma) itirən insan xüsusi fondlardan gəlir əldə etməyə davam edir və öz həyat fəaliyyətini qoruyub saxlayır. Bu cür sığorta növləri icbari sayılır və işəgötürənlər tərəfindən həyata keçirilir.

İcbari sığortanın dövlət tərəfindən tənzimlənən digər bir növü – nəqliyyat vasitələri sahiblərinin məsuliyyət sığortası (OSAQO) – bir neçə ildir ki, mövcud olmasına baxmayaraq, artıq öz töhfələrini verir.

Sığorta – fiziki və hüquqi şəxslərin müqavilə şərtləri əsasında sığorta şirkətləri ilə qarşılıqlı iqtisadi münasibətlərə daxil olması yolu ilə həyata keçirilir. Müasir dövrdə sığorta şirkətləri sığorta növlərinin geniş müxtəlifliyini təklif edirlər. Bu həm həyat və sağlamlıq sığortası, həm əmlak sığortası, həm biznesin sığortası, həm gəlir əldə etmə yolunun sığortası (məsələn, istehsal dayandığı zaman itki halında sığorta kimi) və həm də məsuliyyət sığortasıdır (məsələn, peşəkar məsuliyyət, avtomülki məsuliyyət və s. kimi).

Müasir insanın həyat keyfiyyəti heç də az olmayan vəsait hesabına başa gələn rahat mənzilin, müasir avtomobilin olmasından xeyli dərəcədə asılıdır, buna görə də gözlənilməz hadisələr nəticəsində qəflətən onları itirən şəxs, demək olar ki, köməksiz qalır. Bu halda əmlakın sığortası köməyə gəlir. Daşınmaz əmlak, qiymətli kağızlar, depozitlər, avtomobillər, istehsal avadanlığı və s. bu sığortanın obyektləri ola bilər.

Vətəndaşların həyatlarının və sağlamlıqlarının sığortası da çox mühümdür. Şəxsi sığorta sahəsində ixtisaslaşmış sığorta şirkətləri tərəfindən xeyli sığorta məhsulu hazırlanmışdır, bunların sayəsində insan özünün, övladının həyatını və sağlamlığını, təhlükə yarada biləcək digər halları, məsələn konkret səfər zamanı, sığortalaya bilər.

Hazırda sığorta bazarında həm dövlət, həm də özəl sığorta şirkətləri fəaliyyət göstərirlər. Onlardan hər hansı biri ilə müqavilə bağlamaq , sığorta edənlərin fəaliyyətinin dövlət tənzimlənməsi metodlarının və onların effektiv fəaliyyəti üçün qanunvericilik bazasının yaradılması sayəsində bu gün tamamilə heç bir risk kəsb etmir. Bu metodlara aşağıdakılar aiddir: mütləq lisenziyalaşdırma, müəyyən edilmiş həcmdə kapitalın olması, sığorta şirkətinin ödəyicilik qabiliyyətinin daimi təhlili, tariflərin əsaslandırılması üzərində nəzarət və s.

Sizin mülki maraqlarınızın müdafiəsi predmeti üzrə sığorta şirkəti ilə müqavilə bağlamanız gözlənilməz hadisələr baş verən zaman risklərin azaldılmasına şərait yaradacaq və həyatınızı daha təhlükəsiz edəcəkdir.

Sığortanın fəaliyyət prinsipi demək olar ki, bütün sığorta növlərində eynidir və məsələn, avtomobil sığortasının əsas prinsiplərini bilsəniz, əmlak sığortasının nüanslarını çox asanlıqla başa düşəcəksiniz. Çox güman ki, şəxsi sığorta adlandırılan sığorta növü (həyat sığortası, bədbəxt hadisələrdən sığorta) digərlərindən xeyli fərqlənir, lakin burada da sığortanın əsas prinsipləri ümumən qorunub saxlanılır.

Başlanğıc üçün əsas sığorta terminləri və onların mənalarını aydınlaşdırmaq lazımdır. Aşağıda bütün sığorta şəhadətnamələrində və müqavilələrində istifadə olunan ən sadə, lakin mütləq anlayışlar göstərilmişdir:

Sığortaçı (sığorta şirkəti) – müəyyən pul mükafatı qarşılığında müştərinin əmlakına və ya sağlamlığına dəyə biləcək zərərə görə məsuliyyəti öz üzərinə götürür.

Sığortalı (müştəri) – öz əmlakına və ya sağlamlığına dəyə biləcək zərərə görə məsuliyyəti sığorta şirkətinə ötürən insandır.

Sığorta məbləği – sığorta müdafiəsinin pul vəsaitləri ilə ifadə olunmuş həcmidir. Bir qayda olaraq, sığorta məbləği üçün əsas kimi nəqliyyat vasitəsinin və ya əmlakın sığortalanma anına bazar qiyməti götürülür. Lakin arzu edildiyi zaman, sığorta məbləği bu obyektlərin bazar qiymətindən aşağı da götürülə bilər. Başqa sözlə desək, Siz qənaət etmək fikrinə düşmüş və sığorta müqaviləsində real bazar qiymətindən aşağı məbləği göstərmişsinizsə, əmin ola bilərsiniz ki, sığorta hadisəsi üzrə ödəniləcək olan pul məbləği sizin mümkün ola biləcək real itkilərinizi qarşılamayacaqdır. Nəticə etibarilə, sığorta müdafiəsinin kifayət dərəcədə olması üçün sığorta məbləği nəqliyyat vasitəsinin və ya əmlakın bazar qiymətinə müvafiq olmalıdır. Bununla yanaşı, qanunvericiliyə əsasən, sığorta məbləği əmlakın real dəyərindən yuxarı ola bilməz, buna görə də sığortalanan əmlakın dəyərini yüksəltmək məsləhət görülmür.

Sığorta riskləri – nəticəsində zərər dəyə biləcək bu və ya digər hadisənin baş vermə ehtimalıdır. Nəqliyyat vasitələrinin sığortası üçün klassik risklər “qaçırılma”, YNH nəticəsində zədələnmə (kimin təqsirkar olmasından asılı olmayaraq), təbii fəlakətlər, üçüncü şəxslərin hüquqazidd əməlləri – dələduzların şüşələri sındırması, yanğın və ya partlayışdır. Əmlakın sığortası üçün risklər: yanğın, subasma, oğurluq və s. Sığortalama həm bütün risklər, həm də ayrı-ayrılıqda onlardan hər biri üzrə aparıla bilər.

Sığorta tarifi – sığorta məbləğinin faizlə ifadə olunmuş hissəsidir.

Sığorta mükafatı (sığorta ödənişi, sığorta haqqı) – eynilə həmin hissədir, lakin pul vəsaitləri ilə ifadə olunmuşdur. Mahiyyət etibarilə, hər iki anlayış sığorta etdirən üçün sığorta müdafiəsinin dəyərini – sığorta etdirənin sığortaçıya ödəməli olduğu məbləği bildirir. Ödəniş sığorta müqaviləsi qüvvəyə minənədək tam ödənilir və ya hissələrə bölünə bilər. Başlıcası odur ki, sığorta haqqının ödənilmə şərtləri sığorta müqaviləsinin müvafiq bəndində göstərilmiş olsun.

Franşiza (Azadolma məbləği) – zərərin, sığorta şirkəti tərəfindən qarşılanmayan hissəsidir. Franşizanın məqsədi – sığortalanmış əmlakla ehtiyatlı rəftar edilməsinin stimullaşdırılmasıdır, axı zərərin kiçik bir hissəsi sığorta etdirənin üzərinə düşür. Bir qayda olaraq, franşiza sığorta məbləğindən faizlə, nadir hallarda – pul vahidində müəyyənləşdirilir, lakin hər bir halda sığortaçı bu məbləğ daxilində məsuliyyət daşımır.

Sığorta etdirənin başlıca prinsipi – məzmunu sizə aydın olmayan və ya sizdə şübhə doğuran sənədi heç zaman imzalamayın. Bir saat əlavə vaxt sərf edərək sığorta şirkətinin əməkdaşlarına əlavə suallar vermək, sığorta hadisəsi baş verən zaman qeyri-müəyyən mövqeləri aydınlaşdırmaqdan daha yaxşıdır. Hərçənd ki, vicdanlı və öz nüfuzunun qayğısına qalan sığorta şirkəti sizin, müqavilənin hər bir bəndini anlamanızda maraqlıdır.

İndi isə sığortanın aşağıda göstərilən əsas növlərinə keçək:

Şəxsi sığorta. Bu sığorta növünə aiddir: könüllü tibbi sığorta, xaricə səfər edənlərin sığortası (tibbi xərclərin ödənilməsi, bədbəxt hadisədən sığorta, səfər zamanı gözlənilməz ağırlaşmalardan sığorta), uşaqlar üçün yığım sığortasının müxtəlif formaları, istehsalatda bədbəxt hadisələrdən sığorta və s.

Əmlak sığortası. Bu sığorta növü həm fiziki, həm də hüquqi şəxslər tərəfindən fəal istifadə olunur. Fiziki şəxslər üçün bu sığorta növünə daşınmaz əmlakın, ev heyvanlarının, nəqliyyat vasitələrinin və torpaq sahələrinin sığortası daxil edilir. Hüquqi şəxslər üçün əmlak sığortasına, xüsusən, nəqliyyat vasitələrinin, yüklərin, dövlət əmlakının və vətəndaşların mülkiyyətlərinin, sahibkarlıq və kommersiya risklərinin sığortası daxildir.

Məsuliyyət sığortası. Ənənəvi olaraq, əsasən hüquqi şəxslər tərəfindən istifadə olunur, hərçənd ki, son illərdə fiziki şəxslər arasında da populyarlıq qazanmışdır(doğrudur, bu populyarlıq nəqliyyat vasitələri sahiblərinin məsuliyyət sığortası haqda qanunun tətbiqi ilə əlaqədardır). Məsuliyyət sığortası fiziki və hüquqi şəxslərin mülki maraqlarının mümkün ziyandan qorunmasını nəzərdə tutur.

Həyat sığortası – Şəxsi sığortanın bir növü olub, ya sığorta şəhadətnaməsinin müddəti bitənədək yaşama (sığorta olunan şəxsin ölümü halında sığorta məbləğinin faydagötürənlərə ödənilməsi ilə), yaxud da ömürlük sığortalanmanı nəzərdə tutur. Sığorta hadisəsi baş verdiyi zaman sığorta məbləğinin ödənilməsindən başqa, sığorta şəhadətnaməsinin müddəti bitdikdən sonra razılaşdırılmış məbləğin ödənilməsini nəzərdə tutan müxtəlif yığım sistemləri mövcuddur. Həyat sığortası şəxsi sığorta sisteminin mühüm növlərinə aiddir və özünəməxsus yer tutur. Bu sığorta növündə sığorta müdafiəsinin təminatı və vətəndaşlarının pul vəsaitlərinin yığımı müvəffəqiyyətlə uyğunlaşır. Həyat sığortasının prinsipial xüsusiyyətlərindən biri onun uzunmüddətli xarakter daşımasıdır.

Sığorta şirkəti ilə müqaviləni imzaladıqdan sonra riayət olunması vacib olan daha bir əhəmiyyətli və mühüm qayda da mövcuddur. Çoxları yanlış olaraq belə düşünür ki, sığorta etdirənin vəzifəsi yalnız sığorta haqqını ödəməkdən ibarətdir, daha sonra isə narahat olmağa dəyməz. Əslində isə, zərər yarandığı halda sığorta etdirənin də üzərinə müəyyən vəzifələr düşür. Məsələn, o, mümkün ola biləcək ziyanın azaldılması üçün bütün tədbirləri görməlidir, qayğısızcasına evinin necə yanıb qurtarmasına dayanıb baxmamalıdır. Habelə, sığorta etdirən, sığortaçının tələb etdiyi bütün sənədləri toplamalı, ekspert araşdırmalarında iştirak etməlidir və s.

Nəhayət son, lakin mühüm bir qayda. Hiylə və aldatma yolu ilə sığorta şirkətindən ödəniş almağa çalışmayın. Son zamanlar dəymiş zərəri bəzəmək, şişirtmək, uydurmaq, təfsilatlarını öz xeyrinə dəyişdirmək geniş yayılmışdır. Axı bütün gizli şeylər nə zamansa aşkara çıxır. Demək olar ki, bütün sığorta şirkətləri fırıldaqçıları müəyyənləşdirməyi və cəzalandırmağı artıq öyrəniblər. Çox zaman bu ifşalar ödənişə etiraz olunması, uzunmüddətli məhkəmə çəkişmələri, bəzi hallarda isə hətta cinayət məsuliyyətinə cəlb olunma ilə nəticələnir.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma